Balıq

Əhali sayına görə ölkənin 4-cü böyük şəhəri olan Mingəçevir sakinləri su anbarını "dəniz" adlandırır. Bu "dəniz"də balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Burada bəzi sakinlər balıqçılıqla peşə kimi, çoxları isə həvəskar olaraq məşğul olurlar.

news-detail

 

Kür çayı balıq sarıdan boldur və o, mingəçevirlilərin mətbəxində mühüm yer tutur. Balıqçıların tilovuna daha çox çapaq, suf, çəkibalığı, şamayı, karp, dabanbalığı, naqqa, durnabalığı və s. düşür. Yerli kafe və restoranların demək olar ki, hamısında süfrəyə balıq yeməkləri gətirilir. Burada ilin istənilən fəslində suf, naqqa, şamayı kababı, yaxud sobada bişirilmiş balıq sifariş vermək olar.

Şəhərdə balıq ovu həvəskarları çoxdur. Günün istənilən vaxtı körpü üstündə tilovla dayanan, yaxud sahildə spinninqli balıqçıları görmək mümkündür. Şəffaf sudan kimi şamayı, kimi də dabanbalığı çıxarır. Balıq ovu ilə qocadan cavana hamı məşğul olur. Motel və otellərdə də sizə bunu təklif edə bilərlər. Bu xidmət bir çox turizm obyektlərində əlçatandır, o cümlədən də motorlu qayıq və balıqçılıq təchizatı.

Tilovu yerli bazarda almaq mümkün olsa da, Mingəçevirə səyahətə hazırlaşarkən özünüzlə sevimli spinninqinizi götürməyi unutmayın. O burada yüzdə-yüz sizə lazım olacaq!